İlham Əliyevin master-klassı: Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatındakı incə və həssas məqamlar - TƏHLİL

İlham Əliyevin master-klassı: Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatındakı incə və həssas məqamlar - TƏHLİL
  • Clock-gray 11:54
  • calendar-gray 12 Noyabr 2020

Bütün dünya noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatını müzakirə edir, sülhün kimə nə verəcəyi haqqında kifayət qədər ciddi diskussiyalar aparılır. Qərbdəki bir çox geosiyasi güclər, o cümlədən Fransa əldə edilmiş razılığın Rusiya və Türkiyənin Cənubi Qafqazdakı siyasi və hərbi maraqlarını gücləndirdiyini bildirir. Ermənistanda bir çoxu razılaşmanın ancaq və ancaq Azərbaycanın xeyrinə olduğunu deyərək, küçələrə çıxıb, Paşinyanı satqınlıqda günahlandırır. Azərbaycanda bir-iki siyasi  partiya və xaricdəki bəzi müxalif dairələr isə bütün dünyanın məhz bizim bu müqavilə ilə qələbə çaldığımızı etiraf etməsinə baxmayaraq, yeni sazişi  tənqid edir.

Əlbəttə, siyasətdən az-çox başı çıxan və ətrafda baş verən hadisələri təhlil etmək qabiliyyətinə malik olan hər kəs bu sazişin münaqişənin məhz Azərbaycanın maraqlarına cavab verdiyini çox yaxşı bilir. Adətən, bu kimi münaqişələrdə iki tərəfdən hər ikisinin maraqları nəzərə alınaraq ortaq məxrəc tapılır, lakin bu münaqişədə işğalçı və müharibədə məğlub olmuş Ermənistanın bütün istəklərinin üzərindən xətt çəkilir. Bu sənəddə Ermənistanın bir istəyinin belə nəzərə alındığı bənd yoxdur.

Bəyanatla tanış olduqda münaqişə tərəfləri üçün kifayət qədər ciddi və həssas məqamların Azərbaycanın xeyrinə dəyişdiyini görmüş olarıq. Prezident İlham Əliyev mahir diplomat və strateq kimi çox incə ustalıqla ermənilərin dünənki və gələcək taleyinə zərbə vurmuşdur.

Ermənistanın gələcəkdə mümkün spekulyasiyalarını və Azərbaycanda bəzilərinin bəyanatı “anlamadıqlarını”  nəzərə alaraq maddələrin şərhini təqdim edək:

Məsələn, bəyanatın 4-cü bəndinə nəzər yetirək. Orada yazılır ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilirMətnin rus və ingilis dilindəki versiyalarına da nəzər salaq. Rus dilində - 4. “Миротворческий контингент Российской Федерации развертывается параллельно с выводом армянских вооруженных сил.  İngilis orijinalında – 4. “The peacekeeping contingent of the Russian Federation is deployed in parallel with the withdrawal of the Armenian armed forces”. Tərcümədən də görünür ki, söhbət məhz “erməni silahlı birləşmələrindən” gedir. Ermənilərin qoşunların Qarabağdan çıxarılması ətrafında spekulyasiyalarını nəzərə alaraq maddədə Ermənistan silahlı qüvvələri deyil, erməni silahlı qüvvələri sözünün yazılması Qarabağda ayrı-ayrı könüllü batalyonlardan tutmuş, qondarma rejimin hərbçilərinə qədər hər kəsin çıxarılması öhdəliyidir.

6 -cı bənd. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır.

Fikir verin. Kəlbəcərin və Laçının “qondarma respublika” və ya “erməni hərbi birləşmələri” tərəfindən qaytarılması yox, məhz Ermənistan Respublikası tərəfindən qaytarılması  yazılıb.

Uzun illər idi, Ermənistan bildirirdi ki, onlar Azərbaycan torpaqlarını işğal etməyib, Dağlıq Qarabağ erməniləri özləri Azərbaycanın tərkibindən çıxıblar və  “xalqların öz müqqədaratını təyin etmə” prinsipi “Dağlıq Qarabağ respublikasına” şamil olunmalıdır.

Bu maddədə Ermənistanın yalanlarını ifşa edilir. Paşinyan müqaviləyə imza ataraq təsdiq edir ki, Azərbaycan torpaqlarını məhz Ermənistan işğal edib.

Bu bizim diplomatlarımıza hüquqi əsaslar verən mühüm  bənddir.

Elə həmin 6-cı bənddə yazılır kı, “Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalırXatırladıram kı, ilkin versiyada dəhlizə nəzarə hüququ ermənilərə verilirdi.

9-cu bənd. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. İlkin versiyada isə, “Ermənistan Respublikası adıçəkilən coğrafiyada nəqliyyat əlaqəsini təmin edir” yazılmışdı. Təhlükəsizliyə zəmanət o deməkdir ki, əgər bu bəndə uyğun olaraq vətəndaşlara, nəqliyyatlara qarşı hər hansı hücum olarsa bunun məsuliyyəti Ermənistan dövlətinin üzərinə düşür.

O ki qaldı sülhməramlılara, sənəddə birbaşa rus, dolayısı yolla isə, türklərin sülhməramlı kimi bölgəyə yerləşdirilməsindən söhbət gedir. Yeri gəlmişkən, təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır - 1960. Bununla bağlı maddə 4-də deyilir:Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır”. Yəni, ilk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Bu cümlədə “tərəflərin hər ikisi  yox, məhz hər hansı biri” ifadəsi çox vacibdir.

Yəni Azərbaycan əgər 4 il 6 ay sonra sülhməramlıların bölgəni tərk etməsini istəyərsə onlar Qarabağı tərk edəcəklər.

Digər vacib məsələ, sənəddə Türkiyənin varlığıdır. Detallara keçək:

- Uzun müddət idi ki, regionda hərbi balans Rusiyanın tərəfində idi. Bundan sonra isə regionda indiyə qədər Gümrüdə və Ermənistanın sərhədboyu ərazilərində olan rus hərbçiləri tək darıxmayacaqlar. Türk hərbçiləri də, regionda olaraq balansı qoruyacaqlar. 

- Ermənistan uzun müddət idi ki, Türkiyənin sülhyaratma prosesində iştirakına qəti şəkildə yox deyirdi. Müqaviləyə əsasən isə, Azərbaycanın 2+2 təklifi ilə razılaşmalı oldu.

- Türkiyəni bu prosesə qatmaqla Azərbaycan həmsədr dövlət kimi Fransanın regiondakı ermənipərəst ambisiyalarının üzərindən xətt çəkdi. Elə Fransanın müqaviləni pozmağa istiqamətlənmiş sərsəm bəyanatları da dediklərimin təsdiqidir. Belə ki, Fransa xarici işlər nazirinin tərəflər arasında nəhayət ki, razılığın əldə edildiyi bir vaxtda “Dağlıq Qarabağın gələcək statusu təyin edilməlidir” bəyanatını necə başa düşmək olar? Məgər Paris bilmir ki, tərəflər arasında münaqişədə ən ziddiyyətli məqam sayılan Qarabağın statusu məsələsi iki gün əvvəl Paşinyanın razılığı ilə artıq həllini Azərbaycan sərhədləri çərçivəsində tapıb? Lakin, bu cür bəyanat verməklə Makron və onun hökuməti bölgədə nəhayət ki, əldə edilmiş sülhə zərbə vurur, hərbi əməliyyatların yenidən başlanma riskini artırır.

Ən əsas məqam isə odur ki, Bəyanatda Qarabağın statusu məsələsinə toxunulmur. Bu isə o deməkdir ki, Ermənistanın və ermənilərin bu illər ərzində Qarabağ müstəqil olmalıdır və ya Ermənistana birləşdirilməlidir tələblərinin üzərindən xətt çəkilir.

Göründüyü kimi, imzalanmış sülh müqaviləsində Ermənistanın heç bir istəyi yer almayıb. Azərbaycanın isə, bütün tələbləri Paşinyan tərəfindən qəbul edilib. Budur kapitulyasiya!

P.S. Yeri gəlmişkən, biz hərbi əməliyyatların başladığı gündən indiyə qədər  Azərbaycan hakimiyyətinə qarşı ciddi şəkildə təzyiqlərin olduğunu diqqətdən kənara ata bilmərik. Qlobal məsələlərdə bir-birinə qarşı daim antoqonist mövqe tutan həmsədr ölkələr, maraqlıdır ki, Qarabağ məsələsində eyni mövqedən çıxış edirdi. Bu mövqe Azərbaycanı işğalın nəticələri ilə barışmağa, Azərbaycan xalqının iradəsini sındırmağa və ölkəmizin ərazisində ətraf 7 rayon daxil olmaqla Dağlıq Qarabağda ikinci erməni dövlətinin yaradılmasına dəstəkdən ibarət idi. Biz bütün bu 30 il ərzində həmsədrlər tərəfindən danışıqlar prosesində imitasiya xarakterli təkliflərin şahidi idik. Onların bu illər ərzində 1993-cü ildə məhz özlərinin BMT TŞ-da qəbul etdikləri qətnamələrinin reallaşdırılması üçün heç nə etməmələri, Paşinyanın “Qarabağ Ermənistandır. Nöqtə” və “Biz Azərbaycana torpaq verməyəcəyik, Azərbaycandan torpaq alacayıq” bəyanatları qarşısında susmaları, “Münaqişənin hərb yolu ilə həll variantı yoxdur” kimi absurd çıxışları xalqımızın emosiyaları ilə oynamaq, Azərbaycana qarşı düşmənlə həmrəy olmaq demək idi.

Burada da xüsusi bir nüans var. Bütün bu illər ərzində Ermənistan və onun arxasında olan dövlətlər Azərbaycanın “başını aldatdığını” düşündükləri dövr ərzində cənab Prezident sakit şəkildə Qarabağla bağlı strategiyasını həyata keçirirdi. İqtisadi, siyasi müstəqillik, ölkə daxilində kadr islahatlarından tutmuş institusional islahatlar, diplomatik sahədə mühüm razılaşmalar  və s. kimi çoxkombinasiyalı gedişlərin əsas hədəfi Qarabağa qayıtmaq, Qarabağı qaytarmaq idi.

Nəticədə, işğala son qoyuldu, Ermənistanın heç bir istəyinin belə yer almadığı, Qarabağın Azərbaycan olmasını təsdiq edən sənəd imzalandı. Regionda 1828-2020-ci illər arasında mövcud olan geosiyasi konfiqurasiya darmadağın edildi. Azərbaycan tarixi torpaqlarına qovuşdu.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov

apa-logo-mini

Digər xəbərlər